Pünhanın söznən vurub tərpətdiyi insanların,
Sizbilən, vicdanları tərpəndi, ya tərpənmədi?!

ÜMUMİ BÖLMƏ

   ▪ Ana səhifə

   ▪ Layihə haqqında

   ▪ Baba Pünhan forumu

   ▪ Əlaqə

ƏSƏRLƏRİ

   ▪ Mən nə dedim ki?!

   ▪ Acı həqiqət

   ▪ Yalan çeyniyə-çeyniyə

   ▪ Tərcümələr

   ▪ Şairin səsi

BABA PÜNHAN

   ▪ Həyatı

   ▪ Foto-albom

   ▪ Xatirələr

 

Baba Pünhan. Acı həqiqət

Şirako şaqaet Azerbecan Nu zaes, poqodi!
İdyot medlenno, medlenno Bilə bilə göstərmişəm
Zəncirə ehtiyacı var Misli yoxdur təkliyin
Sənə sənsizmi deyim? Gözlərinə nəm tökülüb
Röyalari qaçqın Başda baş bədənsiz olar
Şam ağlasın Yaxşı güzarana sürüm
Bir gün dönərik Adəmə... Həqdən qələm verdi
Adəm gedim insan gilə Mail tək ağsaqqal kimi...
Yoxum varlana-varlana Bu dərd ilə məşhurdur
Ümid əzrailə qaldı Əcəb elərəm
VƏTƏNİMDİR SƏNƏ QURBAN KƏSƏRƏM
YETMİŞ İL KEÇDİ

Bizimkilər motoskletnən gedir

ŞERLƏRİ

Şirako şaqaet Azerbecan

Ranşe şirokiy şaqal Azerbecan,
Leonid İliç, şyas ne takoy şaqayet.

Xoroşo çto şaqayet ne stoit,
Armyani ni  dayut pokoy şaqayet.

Na şyot zarplatı otstayom mı,
Na şyot vzyatki mirovoy şaqayet.

Vzyal naşi denqi, uşol v zaqranis,
V zaqranise kak maladoy şaqayet.

V Milli Medjlise vse ojireli,
İzbiratel oçen xudoy şaqayet.

«Muxalifat»u ni kto ne sluşaet,
«Rot»un rvyot, doloy-doloy şaqayet.

Fabrika net, zavod net, rabota net,
Narod tolko bazar, domoy şaqayet.

Sobaka ne uznayot xozyaina,
Vot potomu kajdıy svoy şaqayet.

Za çetıre qoda, ya umnı stal,
Moy deputat eşo tupoy şaqayet.

Na başke xodim u koqo denqi est,
Bednıy yeli-yeli naqoy şaqayet.

Veruşiy malo, «Qadji» mnoqo,
V obşem itoqe svyatoy şaqayet.

Okolo Naxçivnski naş Bakinsı,
Pered tsaryom kak ryadavoy şaqayet.

Bejenes zabıl, çto on bejenes,
Pyot i kurit «Vikeroy» şaqayet.

Podxalimı mnoqo v respublike,
Dobratsya do seli rukoy şaqayet.

Tamojnıy kuşaet kak qolodnıy volk,
Jivot visit sloy-sloy, şaqayet.

Ariyana ne naşol, ubil svoeqo,
Kakaya raznitsa, qeroy şaqayet.

Pünhan, podpolno pişi, staraysya,
Naş KQB oçen jivoy şaqayet.

3 aprel 1997. Bakı.

Nu zaes, poqodi!

Gedirik bir təzə dovranə, nu zaes poqodi,
İlimiz adladı dovşanə, nu zaes, poqodi!

Keçən il «milli pələnglər» bizi «nəm-nəm» elədi,
Daha yem olmarıq aslanə, nu zaes, poqodi!

Qarabağ davası bir «Yorğa»nın üstündə imiş,
İlişib qaldı o, yorğanə, nu zaes, poqodi!

Sənə qaç-qaç dedilər, tazıya tut-tut dedilər,
Basdılar axırı zindanə, nu zaes, poqodi!

Açginən şampanı, «əfv» eşqinə məhbuslar üçün,
Salginən onları şampanə, nu zaes, poqodi!

Bağda-bostanda bizim, qalmamış olmaz kökümüz,
Girərik bir gecə bostanə, nu zaes, poqodi!

Demədim mən sənə ki, at «İliçin şalbanını»?
Girmisən sən yenə şalbanə, nu zaes, poqodi!

Az.TV-dən uzaq ol ki, canavar pusqudadır,
Başıvu soxma bu ekranə, nu zaes, poqodi!

Bizə «top»nan vurana, biz də kəmərnən vururuq,
Bizi tay eyləmə çurbanə, nu zaes, poqodi!

Yetişər dövri-qiyamət, atılar İblis oda,
Oxunub hökm, həmən anə, nu zaes, poqodi!

Bizi agah eləyən Nostradamus özü də,
Tapınıb İncilə, Quranə, nu zaes, poqodi!

Köçəcək cəmi müqəddəslər Ərəbdən Əcəmə,
Güləcək bəxt hər insanə, nu zae, poqodi!

Sözüm haqq isə əgər, qovsa məni külli-bəşər,
Çata bilməz Baba Pünhanə, nu zaes, poqodi!

25 dekabr 1998. Bakı.

İdyot medlenno, medlenno

Azerbaydjan v novıy vek idyot medlenno, medlenno,
Kto imenno ne znayu, vedyot medlenno, medlenno

Qruz korrupsiyu taşet, dvuxtısyaçnomu qodu,
Narodu on rukoy maşet, nesyot medlenno, medlenno.

Bakan esli vzyatoçnik, i tam znaçit istoçnik,
Teçyot na ves Azerbaydjan, teçyot medlenno, medlenno.

Poroda esli ot volka, doroqa esli iz şyolka,
Oxotitsya na yaqnyonka, jryot medlenno, medlenno.

Beryot tixo, dayot tixo, krupnıy on «papışnixa»
Şyot şaytanu başmaçki, şiyot medlenno, medlenno.

Emu dali dubinuçku, i vot poslali v tolkuçku,
Dubinuçku v zatılıçku, biyot medlenno, medlenno.

Plyunul ya emu v litso, mne v otvet ulıbnulsya,
Podumal on idyot dojdik, lyot medlenno, medlenno.

Laçin otdal, Şuşu sdal, komu, koqda, zaçem znal,
Sebe super jizn sozdal, jivyot medlenno, medlenno.

Baba Pünhan prismerti, kuda xoçeş eqo verti,
Vzyav pyalu smerti, pyot medlenno, medlenno.

12 sentyabr 1998. Bakı.

Bilə bilə göstərmişəm

Ağlamışam, seli-seli göstərmişəm,
Bağlamışam eli-elə göstərmişəm.

Ləhcəm ilə şerə şəkər qatmışam,
Haqqı deyib dili-dilə göstərmişəm.

Millətimin üstünə kim mil çəkib,
Milləmişəm mili-milə göstərmişəm.

Ağ varağım tarla, qələm bel olub,
Belləmişəm beli-belə göstərmişəm.

Güllələrin sinəmi güllələndirib,
Qanım axıb, gülə-gülə göstərmişəm.

Qəmli muğam üstə könül tarımı,
Kökləmişəm, teli-telə göstərmişəm.

Ömrümə qısqandı xəzan yelləri,
Ganı verib yeli-yelə göstərmişəm.

Pünhanımı bilə-bilə gizlətmişəm,
Aşkarımı bilə-bilə göstərmişəm.

24 mart 1997. Bakı.

Zəncirə ehtiyacı var

Çərxi-fələk çəkir sola təmirə ehtiyacı var,
Çərxin oxunda qalmağın təkbirə ehtiyacı var.

Yoxsulu bəndə saymayan hökmü rəvan olanların,
Həşrü Qiyamət adlanan tədbirə ehtiyacı var.

Naziri etmə ixtisar, milləti qoyma intizar,
Bir sürü çünki yaltağın nazirə ehtiyacı var.

Tutmasa haqq səmtini rəsmdü sarivan əgər,
Karvanı əldə saxlayan zəncirə ehtiyacı var.

Müddəti bitmiş ərzağı bizlərə nəqd satmağa,
Əcnəbinin bizim kimi tacirə ehtiyacı var.

Bu iqtidarın heç kəsə, heç nəyə ehtiyacı yox,
Amma bu xalqın haqq deyən şairə ehtiyacı var.

Sirr nədir ki, özgəyə abi-şoran şirin çıxıb,
Abi-şoranlınınsa şor pəndirə ehtiyacı var.

Zahirə çıxmasın deyə daxilə çəkdik hər işi,
Daxili işlərin də çox zahirə ehtiyacı var.

Enməsə Zülfüqar əgər, İblisin ömrü çox çəkər,
Vaxtdır Əlinin İblisə təsirə ehtiyacı var.

Xisləti külli-aləmə gün kimi bəlli millətin,
Həşr gəlincə Pünhana, Sabirə ehtiyacı var.

2 dekabr 1999. Bakı.

Misli yoxdur təkliyin

Sən Məhəmmədsən, Əminsən, haqqa yoxmuş şəkliyin,
Haqq ilə yüksəldiyiyinçün, enmədi yüksəkliyin.

Ad qoyub tarixdə qurdun haqq cümhuriyyətin,
İncimə, bir gün dizin vursaq yerə gerçəkliyin.

Cavidin qəbrin köçürdənlər vətən torpağına,
Kaş səni bir gün köçürdüb, bildirə istəkliyin.

Hey yedik, harınladıq bir heykələ pul tapmadıq,
Heykəlin qəlb içrə qaldı torpaq üstə əkliyin.

Qəlb bulandırmaq üçün böhtan atıb bəzən sənə,
Göstərib bir çoxları aşkara öz milçəkliyin.

Ey, şahı mədhiyyələrlə mədh edib bütləşdirən,
Agah ol ki, şaha çoxdan bəllidir təlxəkliyin.

Biz vəkil seçdik ki, bar-bar hayqırıb haqq istəsin,
Amma bu, əla bilirmiş elminin əsnəkliyin.

Müstəqillik qayçısıynan qırxıb-ütdük milləti,
Çünki biz Lenindən aldıq dərsini dəlləkliyin.

Tərki-dünyalıq edib, Pünhan, qatıl tənhalığa,
Bil ki, haqqı tapmaq üçün misli yoxdur təkliyin.

15 iyun 1999. Bakı.

Sənə sənsizmi deyim?

Sənə mən siz deyərəmsə, özümə bizmi deyim,
O böyük tanrıya sən, bəndəsinə sizmi deyim?

Nə qədər ki, özümüzdən özümüz bixəbərik,
Özümə mənsiz, əzizim, sənə sənsizmi deyim?

Bilən heç kimliyini dəhrdə bir kim sayılar,
Bunu dərk eyləməyən insana acizmi deyim?

Ayaq altında salar iz deyilən söz havada,
Biri vardır biri yox, iksinə də izmi deyim?

Qara gündən ağaran saqqala, Pünhan, görəsən,
Ağaran üzmü deyim ya gecə-gündüzmü deyim?

21 noyabr 1999. Bakı.

Gözlərinə nəm tökülüb

Bu nə aləm ki, bura aləm olub cəm tökülüb,
Burda bir şəm yanıb, nuruna aləm tökülüb.

Məst olunca eləyin nuş kəlam badəsini,
Mailin söz quyusundan ona «zəm-zəm» tökülüb.

Füzuli məclisi illərlə dəvamında durar,
Onu Mail yaradıb,  özülü möhkəm tökülüb.

Neçə illərdi ki, qəlbimdə nə bir yarə olub,
Hacının yüngül əlindən ora mərhəm tökülüb.

Ya tarın pərdələrindən süzülüb qəm kamana,
Ya kaman nalələrindən o tara qəm tökülüb.

Babanın sözləri hər kimdə gülüşlər doğurub,
Bü gülüşlərdən onun gözlərinə nəm tökülüb.

Baba yox, bir bəbədir bəzmdə Pünhan bu gecə,
Bəbə tək nimçəsinə bir tikə «nəm-nəm» tökülüb.

20 oktyabr 1998. Bakı.

Röyalari qaçqın

Ya Rəbb, bu elin bülbüli-şeydalari qaçqın,
Bağbanı didərgin güli-rənaləri qaçqın.

Rüsvay elədi qız gəlini erməni alçaq,
Pünhan eləyən sirrini Leylaləri qaçqın.

Fərhadlarım ta ki, şəhid oldu, ilahi,
Şirinlərimin qəlbdə sevdaləri qaçqın.

Çöllərdə, çadırlarda qalan körpələrim vay,
Bir parça çörəkçün gecə röyalari qaçqın.

Qəm şairinin göz yaşı axdıqca qələmdən,
Nəmli varaq üstündəki misraləri qaçqın.

Gər erməni görməzsə qulaqların öz əlində,
Nəmli varaq üstündəki misralari qaçqın.

Gər erməni görməzsə qulaqların öz əlində,
Vallah bürüyər dalğalı dəryaləri qaçqın.

Bir gün gələcək ki, Zamanın Sahibi ilə,
Pünhan salacaq aləmə tərsaləri qaçqın.

3 dekabr 1997. Bakı.

Başda baş bədənsiz olar

Xəzanə dönsə bahar, bağ yasəmənsiz olar,
Fəraqdən batar bu bağ, yasə mənsiz olar.

Bu doğma yurdun oğul-qızları qəribə qərib,
Adı qərib olanın, soy adı vətənsiz olar.

İl əjdahaya dönər, aclığın bəlası gələr,
Gələr zaman, bu məmləkətdə quş da dənsiz olar.

Keçir bu ömrdən illər Baba, həmən Babadır,
Enər Günəş, sönər Qəmbər, Baba həmənsiz olar.

Gəzib bazarı, yekə zənbil ilə lovğalanar,
Bazara sığmayan insan, məzarda ensiz olar.

Bir az da səbr qıl, gəlir Zamana Sahib olan,
Bica düşünmə gələndə zəmanə sənsiz olar.

Gələndə Qeybdən O, bir-bir açar sirrləri,
Bilərsən onda nədən, başda baş bədənsiz olar.

İlahi, həşrədək bu cismi pak edərsən əgər,
Gələr hüzuruna Pünhan, fəqət kəfənsiz olar.

22 iyul 1998. Bakı.

Şam ağlasın

Xalqımın bayramıdır, boş süfrədə şam ağlasın,
Bayramın axşamına, sübh gülsün axşam ağlasın.

Göz yaşıynan süfrəyə qoysun ana, qəm xonçasın,
Paxlava, şəkkərbura olsun xəyal xam ağlasın.

Olmaq olmur, ölmək olmur, düşdüyüm
Müslümün rüzgarına Hamletlə Vilyam ağlasın.

Milli Məclis dinməsin, sussun bu bayram axşamı,
Qoy çadırlar səmtinə, çəksin bir əncam ağlasın.

Əndamı yanmış amerkan neftimizdən zər geyib,
Neftçinin üst-başına baxsın, bu əndam ağlasın.

Yurduma sərvət dalınca karivanlar gəlmədə,
Hürməyi vecsiz sayan karvana ham-ham ağlasın.

Qoy yesin fındıq, ləpə, Novruzda harın ingilis,
Novruzu yıxsın ləpə, batsın, bu bayram ağlasın.

Od vurar bir gün bəni-İsrailə başsız Hüseyn,
Vurmasa od, qatili-İsaya, qoy Şam ağlasın.

«Zülfüqar»ım hardadır, Sahib-Zamanım ordadır,
«Zülfüqar»ım burdadır, Turanda «Qunqam» ağlasın.

Pünhanın eyhamını, baş sındırıb dərk eyləyən,
Pünhanın edamına, versin sərəncam ağlasın.

25 fevral 1998. Bakı.

Yaxşı güzarana sürüm

Əlimi şanə edim saçlarına şanə sürüm.
Saçına tağ ayırım hər teli bir yanə sürüm.

Kaş bir Leylim ola, bir də Bürağım yarəb,
Götürüm Leylimi də rövzeyi-rizvanə sürüm.

Bu çətin ömrü qəmin zənciri ilən sürürəm,
O gün olsun ki, onu yaxşı güzarana sürüm.

Qələm ayrılmadı bir ləhzə varaqdan, ey dil,
Batırım hərdən onu gözdən axan qanə sürüm.

Yenə azadlığımın meydanı zindana düşüb,
Mənə meydan verin azadlığı meydanə sürüm.

Nə gəlir Pünhana pünhan onu aşkarə yazır,
Dedi ver izn bu aşkarını zindanə sürüm.

12 iyul 1997. Bakı.

Bir gün dönərik Adəmə...

Alçaqlara yüksək dedik, axmaqlığımızdan,
Yüksəkləri yıxdıq yerə, qorxaqlığımızdan.

Ölmək, yaşamaqdan o zaman üstün olur, bil,
Bir kimsəyə gəlmirsə xeyir, sağlıfğımızdan.

Allaha rüku eyləmədik, şahə əyildik,
Bellər sınacaq axırı yaltaqlığımızdan.

Bir vaxt üzümüz ağ idi, getdikcə qaraldı,
Allaha ağ olduqca bu üz, ağlığımızdan.

Azadlığa məhrum qalacaq dəhrdə, hər kim,
Don geydirib azadlığa bayraqlığımızdan.

Torpaqlara döndükcə də adəmliyimizdən,
Bir gün dönərik adəmə, torpaqlığımızdan.

Pünhan yaza, Alim oxuya ruhi qəzəllər,
Baxdıqca Əziz feyz olar ortaqlığımızdan.

8 mart 1999. Bakı.

Həqdən qələm verdi

Şükürlər olsun Allaha, mənə min bir ələm verdi,
Sınağından çıxarıb, sonra da həqdən qələm verdi.

Mürəkkəb almağa Tanrım görüncə, mümkünüm olmaz,
Mürəkkəb qəmlərin, hasillərindən gözdə nəm verdi.

Məni – biçarəni aldatdı yarım, küfrə sövq etdi,
Ona fitvanı bildim ki, mənim həvva nənəm verdi.

Kimə kim, dərdimi açdım, o dərddən öldü, qurtuldu,
O xoşbəxtin ölüm dərdi, mənə dəryaca qəm verdi.

Ərəb Peyğəmbərə ol qədr qəmlər vermədi, billah,
O dərdi kim, mənə küfrün diyarı, bu Əcəm verdi.

Məsuha burda, Musa burda, Xatəm Ənbiya burda.
Odundan Rəbb odlar yurdunun həm Xızra şəm verdi.

Hüseynim ta zühur eylər, o dünyaya köçər «yan»lar,
Yezidin başını kəsmək üçün əmri sənəm verdi.

Rizasın aldı Badu Kubəyə enməkçün, ol «Qaim»,
Xuda öz əllərindən «Qaim»ə yüngül qədəm verdi.

Bir əsr ağlayar Pünhan, günahların yumaq üçün,
Əsrnən ağlamaq dərsin, ona Adəm dədəm verdi.

20 aprel 1998. Bakı.

Adəm gedim insan gilə

Küsmüsən canandan, ey can, dur gedək canan gilə,
Bir də heç vaxt olmayaq mehman, şəbi-hicran gilə.

Kim qapım sidq ilə açmış, canı qurban etmişəm,
Kim döyübdür məkr ilə, göndərmişəm heytan gilə.

Dərdimi izhar qılmaqçün bir adəm tapmadım,
Çox soraq etdim, dedi, adəm gedib insan gilə.

Kaş əzəl gündən görəydim çərxi-dövranın üzün,
Ayrılıb ondan gedərdim, özgə bir dövran gilə.

Çox gəlib imkan bizə, tez əl verib əldən çıxıb,
Bir məqamın tutmuram, lövbər salım imkan gilə.

Giromə bu meydanə ki, meydan şəhid meydanıdır,
Yağdırıb meydan oxu, meydanı sür, meydan gilə.

Bir əsirəm gözlərim həsrət dağından yol çəkər,
Çəkdiyim yolnan qəsas almağa gəl düşman gilə.

«Biz sizi xəlq eylədik», pərvərdigarım ta dedi,
Surə-surə, ayə-ayə, qalxaram Sübhan gilə.

Həqq verən nemətlər icrə, sözdür ən qiymətlisi,
Çox şükürlər ki, o da, sel tək yağar Pünhan gilə.

4 aprel 1997. Bakıf.

Mail tək ağsaqqal kimi...

Dördü qəm çiynimdə, hey ömr eylərəm hambal kimi,
Bax, bu hamballıq yazılmış alnıma iqbal kimi.

Gah məni insan sanıb, gah heyvana nisbət qılıb,
Olmuşam, billah əlində talein xammal kimi.

Gizli bir yer tapmıram ki, zülmi-taledən qaçım,
Harda gizlənsəm bilir ünvanımı rəmmal kimi.

Zülm edən Allah deyil, insandır, ey dil, agah ol,
Yəni ol insan ki, şeytandan betər dəccal kimi.

Borca-borcdur fani dünya, zülmə döz, qan ağlama,
Zülmkarlar axırı, bir gün ular çaqqal kimi.

Bəxtimin Leylasını, illərlə gəzdim tapmadım,
Ömr səhrasın ayaqdan salmışam abdal kimi.

Cahil  insan üzdə bir myrənc zikil mislindədir,
Kamil insan görsənər, ağ üzdə göyçək xal kimi.

Cahilin söz-söhbətin, yığ vur qulağın ardına,
Aqilin hər kəlməsin,  tut göydə bir qartal kimi.

Pünhan, ağsaqqallığı, gəl görmə ağ saqqalda sən,
Eldə saqqalsız tanın Mail tək ağsaqqal kimi.

29 aprel 1996. Bakı.

Yoxum varlana-varlana

Günüm hayana bilmirəm gedib nurlana-nurlana,
Yarım əsrdi günsüzəm günüm qarlana-qarlana.

Gələndə səslə gəlmişik, öləndə səssiz ölmüşük,
Xeyir güdüb şər əkmişik, bitib xarlana-xarlana.

Atıb bizi tutub özün, görüb məni udub sözün,
Əməlləri tutub gözün, qalıb korlana-korlana.

Gəlir qabaqda fırtına, çanaqlılar girib qına,
Həna deyil həmən həna, çıxar zorlana-zorlana.

Özün yaman salıb tora, düşüb şirin sudan şora,
Gedir cəhənnəmə gora, gedir korlana-korlana.

Bu can da haqqı axtarır, cahan da haqqı axtarır,
Nahaqda haqqı axtaran qalar fırlana-fırlana.

Həyatda zülmdü insana, ölüm həyatdı Pünhana,
Varım yoxlana-yoxlana, yoxum varlana-varlana.

9 may 1997. Bakı.

Bu dərd ilə məşhurdur

Guş qıl dövrün səsi, ey dil, sədayi-Surdur,
Çünki dünyanın işi bir həlli yox düsturdur.

Bar çox, bağban zəif, nadan dərib getmiş heyif,
Bağban peşman oturmuş, çünki bağlar urdur.

Dəhrdə çox dağlar var ərşə söykənmiş durar,
Leyk Tur məşhurdur ki, vəyh dağı Turdur.

Bürcüm əqrəbdir sözümnən əjdəhalar yıxmışam,
Əjdaha yıxmaqda sanma təkcə Bəhram Gurdur.

Həqqdən buyrulsa da İslamda qan tökmək haram,
Bəzən insan alçağı öldürməyə məcburdur.

Gündə yüz yol darə çəkmişdir məni bəd ruzigar,
Daridə hər gün mənəm, məşhur olan Mənsurdur.

Ləşkəri-sadiq necə hifz eyləsin torpaqları,
Ləşkərə yol göstərən quldur əgər məmurdur.

Pünhanı çox dərdləri qəlbində pünhan olsa da,
İntiqam dərdiylə küllü aləmə məşhurdur.

12 mart 1997. Bakı.

Ümid əzrailə qaldı

Zənn eylədi, cahil bu cahan cahilə qaldı,
Cahillə mənim söhbətim İsrafilə qaldı.

Allahsıza başda yer edib, daşda yatanlar,
Günlərlə günah eylədi, gün ah ilə qaldı.

Dünya cana gəldi, təzə dünyanı doğunca,
Həvva gəlişindən bu yana hamilə qaldı.

Qabil də müsəlman idi, Habil də müsəlman,
İlk dəfə paxıllıq eləmək Qabilə qaldı.

Daxildəki işlər pas atıb, xaricə çıxdı,
Xaricdəki paslar tökülüb daxilə qaldı.

Yerdən üzülənlər üzünü göylərə tutdu,
Göydən süzülənlər isə üç aqilə qaldı.

Peyğəmbər ilə dövri-Qiyamət arasında,
Ön dördə bərabər yazılan fasilə qaldı.

Bir gün bu çörəksizlər imansızlara döndü,
Axırda ümidlər yenə Əzrailə qaldı.

Hey topladı heç bilmədi bölməkdədi qismət,
Dünyaya vurulduqca əməl hasilə qaldı.

Dərya ləpələndikcə zibillər üzə çıxdı,
Dalğa səpələndikcə zibil sahilə qaldı.

Göylər yerə endikcə yerin sirri açıldı,
Yer sirri açıldıqca Günəş Mah ilə qaldı.

Pünhan, kimin eşqilə bəşər xəlq olundu,
Axırda o dünya ilə, o Ailə qaldı.

31 iyul 1999. Bakı.

Əcəb elərəm

Quzu balamın, quzu qanını tələb elərəm, əcəb elərəm,
Dedi ki, verib özü canını əcəb elərəm, əcəb elərəm.

Göyə bürünüb yerə düşərəm, yerə sərinib göyə çıxaram,
Səni tutaram, onu yıxaram qəzəb elərəm, əcəb elərəm.

Gözünə salar odunu o-bu, gözünün alar odunu o-bu,
Qəzələ salıb adını Əbu-Ləhəb elərəm,əcəb elərəm.

Qutu-qutuda, suda-quruda, yarım adada, özü havada,
Qutum açılar, quşum oxuyar səbəb elərəm, əcəb elərəm.

Dedi mələyəm, sizə köməyəm, dedi mələyəm sizə gərəyəm,
tanı gücümü bütün Əcəmi ərəb elərəm, əcəb elərəm.

Şəhəri qəza, İmamı Riza, Zamanı İsa, məkanı fəza,
Gələr o zaman özümə taza ləqəb elərəm, əcəb elərəm.

16 mart 1998. Bakı.

VƏTƏNİMDİR

(Bəhri-təhvil)

Qadanı alım, başına dönüm, cahan qədər yaşına dönüm, torpağına daşına dönüm, göydə uçan quşuna dönüm, baharına qışına dönüm, ey Ana yurdum, o zamandan ki, sənin mən qucağında yuva qurdum, dedim, ey yurd, mənimsən, vətənimsən, diri olduqca libasım, əgər ölsəm kəfənimsən və mənimsən ki, səni mən də gərəkdir bu əlimlə, bu dilimlə, ya ölümlə, ya zülümlə eləyim hifz, olum qövs sənin çevrənə mən də, xəbərin yoxdu qədimdə o zaman ləşkəri-Qacar, çəkib car, qurub dar, fəqət ki, Şuşanın zəbtinə həsrət qalaraq dönmüş İranə, gələ bilməzdi gümanə, gələcək öylə zəmanə yığışıb bir neçə dılğır dıta, guya acığa zəbt edəcəkdir Şuşanı, Kəlbəcəri, Cəbrayılı, Zəngilanı həm də Qubadlı, Laçın, Ağdam və Füzuli kimi çox-çox şəhəri.

Sən demə Qacar tanımırmış o zaman tülküləri, yəni kələkbaziləri, işləri əndaziləri, hökmü rəvan qaziləri, razilərin-raziləri, ruziləri bir baş haramdan yetişən, əvvəli tində yatanı, sonrası qarpız satanı, axırı dövlət bakanı hər küçədə bir dükanı, axşam otellər məkanı, doydu ötürdü sükanı özgəsinə, olmadı qismət ötürə öz kəsinə, çadranı saldı başına, qaçdı Turan ölkəsinə.

Bax, ana yurdum, budu dövlət, budu millət, bu bir aşkarə həqiqət bürüyüb aləmi rüşvət, bacara bilmirhökumət: Özü nazir kabinetdə, pulu hazır kabinetdə, bezib ondan kabinet də, o kreslo da ki, yerləşmir ora, heç gerisi, gərçi tapılsa birisi, beş dəfə ondan irisi, abı kağızdan dərisi,bir təzə rüşvət pərisidir ki, onun həbi də budu, dəbi də budu, sübü də budu, şəbi də budu, sübh-səhər xaşı dı var, xaşı yedi başıda var, uymağa xaş-xaşı da var, qurusu da var, yaşı da var, döyməyə fərraşı da var, atmağa beş-daşı da var.

Ey Ana yurdum, budu gərdiş və bu gərdiş özü bir aləmə vərdiş, qarışıb iş, qıcıyıb diş, elə ki, getdi «tovariş» tovu sildik, sovu da silməli «Sovmin»dən idik ki, «sovu» sildik mini qaldı, həmən o min ki, olub şapka gəzir ölkəni tin-tin, yığılırbankalara çin-çin, camaat ac və didərgin, günün ardınca keçir gün hamı əzgin: hamı üzgün, kimi miskin, kimi küskün, salıb insanları pis gün nə əzablara bilirsən, nə kitablara yazıb aləmə izhar eləyim gün kimi aydın şeyi insana ki, bu rüşvəti, can alverini canə salanlar, mələyən əfi ilanlar, tüpürürkən yalayanlar və filan oğlu filanlar talayıb Azərbaycanı çapıb, hər nə keçib əlinə qapıb, mis aparıbtürkə yapıb, mis qurtarıb gümüşü tapıb, çatana çatıb, çatmıyana bir daş atıb, satanı satıb satmayanı bir baş atıb, atanı atıb atanı tutub, qatanı qatıb, qatını tutub, əlifi atıb latını tutub.

Gər belə keçsə bu güzəran, bezər insan, üzülər can, edəsən bir-birinə canını qurban, deyəsən ki, sonu can ilə bitən Azərbaycan vətənimdir o sənindir, o mənimdir, dədənindir, dədəmindir, o çoxundur, o azındır, o qışındır, o yazındır, oğulundur o qızındır, oğulun fəxri-elindir, qızın ismətli gəlindir, o gəlin ki, gülüdür tazə baharın, belə qiymətli diyarın o səbəbdən eləməz tərk Füzuli səri-kuyin o nigarın ki, deyər yar mənimdir o mənim qünçeyi-sərvi-səmənimdir ki, səri-kuyi həmişə vətənimdir, vətənimdir, vətənimdir.   

SƏNƏ QURBAN KƏSƏRƏM

(Bəhri-təvil)  

Külək ollam, əsərəm mən, nəfəsinçün gəzərəm mən, sənə qurban kəsərəm mən, gecə-gündüz yeri səngər, Vətənin qeyrətini qoruyan əsgər, yağı tülkü - sən hünərvər, yağı güclü - sən oğul ər, hünərin düşmənə göstər, elə göstər ki, ulu Babəkimin ruhu şad olsun, Nəbimin qəbri, axıb nur ilə dolsun, bənizi sapsarı solsun səni gördükdə o düşmən, sənə qurban kəsərəm mən, gecə-gündüz yeri səngər, Vətəninin qeyrətini qoruyan əsgər.

«Qır at»ın yox, «Qrad»ın var, «Dür at»ın yox, dürr adın var, ağılın var, savadın var və soyun var, soyadın var cihadın var Vətən uğrunda sənin, eylə hücum, sən cum, onun üstünə cum, sür maşını - at qradı, kəs başını - al muradı, qov o köpək oğlunu burdan Yerevanə, qov onu xanəbəxanə, qulağın yox, nəsilin kəs ki, yayılsın bu xəbər cümlə cahanə, bunu isbat elə dünyadə hər insanə ki, qorxutmaz əzizim, bizi bundan sonra OON, geyə min don, nə Klinton, nə Parij, Bonn, nə də London, qoyuban son, deginən onlara pardon, çaxasan başına patron, deyəsən ay kopoyoğlu Mixail, aləmi qatdın, deyəsən arzuna çatdın və müsəlmanı azaltdın, bir üzükçün elə bir cənnəti satdın, Qarabağ oldu biyaban, Bakıda doldu xiyaban, oğulum getdi əlimdən, qızımı doğradı düşmən, qana qandır demisən  sən, sənə qurban kəsərəm mən, gecə-gündüz yeri səngər, vətəninin qeyrətini qoruyan əsgər.

Bilirəm qışda başın üstdən əzizim, neçə sərt ruzgar əsir, qar ələyir, şaxta kəsir. Heç sənə lazım deyil əsla, neçə minlik «propitka», sənə bir adicə «kurtka», sənə bir tüklü «batinka», sənə bir isti «kazarma», sənə bir yaxşı «bozartma», gəl utandırma qızartma, günə yüz min qazanan, gündə gəzən yüz qızınan, öz varına özü qızınan, azəri övladlarını ki, bu qədər varlıdılar, hallıdılar, pulludular, mallıdılar... Sən nə özündən çıx, əzizim, nə də hirslən, axı sən mərdsən, igidsən, Vətən üçün bir ümidsən.

Külək ollam əsərəm mən, nəfəsinçün gəzərəm mən, sənə qurban kəsərəm mən, gecə-gündüz yeri səngər, Vətəninin qeyrətini qoruyan əsgər!!!

YETMİŞ İL KEÇDİ

(Bəhri-təvil)

Yetmiş il keçdi nə keçdi, o da bir işdi bizim əlimizə düşdü və nəhayət dolanıb təxti-Mixailə yetişdi, bu qaban oğlu qaban da yenidənqurma deyib xalqa girişdi və girişdi nə girişdi, zamanın çərxi dəyişdi.

Nə biləydik axı bu xallı ilan, anası filan, üzdə gülən, sözdə yalan aləmə divan tutacaq, üzünü bizə yan tutacaq, gözlərini qan tutacaq, bilmədi Yelsin onu daldan tutacaq, axırı bir yerdə hər iksin də müsəlman tutacaq.

Oturub lodkada zalım Qarabağdan nə isə Buşa dedi, aşkara yox, guşa dedi, sirri o xəspuşa dedi, Buş onu Artuşa dedi, Artuş onu quşa dedi, quş da xəbər verdi o saət Yerevanə, camaat düşdü bu qanə, Qarabağ oldu bəhanə və zülm başladı bu əhli-Quranə, belə gəldi bu zamanə.

Neçə il əqdəm isə dildə dodaqda İliç idi, hara baxsan gülüş idi, pionernən görüş idi, gecə-gündüz medal idi, gecə-gündüz öpüş idi, kimə-kim torpaq ötürdü, kimə-kim bayraq ötürdü, urusu - hamı bir oldu özünə başçı götürdü o da on dörd dəvəninin boynuna mindi və oturdu belə bir dövri-zamandı, bu da aləmdə əyandı və nəhayət zamanın əqrəbi xalq cəbhəsinin üstə dayandı, küçələr qanə boyandı Vəziri qovladılar. Ayazı çölə tulladılar, Həsəni pasol yolladılar, tarixə xalq cəbhəsi açdı yeni bir tazə səhifə, elə ki, gəldi xəlifə çobana çatdı vəzifə, bu vəzifə necə paylandı biləydin onu vallahi yaman qapa-qap idi, tapa-tap idi, çapa-çap idi: qapan kimi, diplomu yox çoban kimi, aparıb özün bakan kimi, arzusuna çatan kimi, daraşdı tarrakan kimi Azərbaycana bu canlar, yenidən getdi məkanlar, puluna açdı dükanlar, belə insanlar olan yerdə nə millətdən əzizim, nə də qeyrətdən əzizim söz olar, söhbət olar, gər belə getsə bu elin axırı lap dəhşət olar, səbr daşar kasə dolar. Sən mənə bir ləhzə qulaq as, elinə vermə kədər yas, bir eşit səbrini həm bas, inanar bil ki, hər insan, qurulan dövlətə candan, ola millətdə güzəran, dolana hamı firavan, gələ gərçi belə dövran, olaram Sabirə qurban, deyərəm qalma nigaran, nə sözün olaram Sabirə qurban, deyərəm qalma nigaran, nə sözün var demədinsə, dedi səndən sora az çox Baba Pünhan, Baba Pünhan, Baba Pünhan.

MÜXTƏLİF  ŞERLƏR

Bizimkilər motoskletnən gedir

Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir.

Yağışdan əvvəl «qrom» olsun gərək,
Söz deməyə «motodrom» olsun gərək,
Dubinkanın yerinə lom olsun gərək,
Çünki çoxu özgə süjetnən gedir,

Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir.

Topxanadan başladı bu dığ-dığa,
Gəldi xəbər armudu kəsmiş dığa,
Vurrey ilə töküldüük «Azadlığa»,
İndi ora quş da biletnən gedir,

Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir.

Topxanada top atdılar topçular,
Əhalini qaçırtdılar gopçular,
Düşdü məqam, tutdu özün «YAP»çılar,
İndi ömür-gün kabinetnən gedir,

Bəşər gələn əsrə raketnən gedir,
 
Bizimkilər motoskletnən gedir.

Bu millətin dərdi var, azarı var,
Bu ölkənin mizansız bazarı var,
Bu xalqımın neçə ac yazarı var,
Söz tökülür, gilas səbətnən gedir.

Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir.

Ay bəri bax, pəncərədən daş gəlir,
Dəyib mənə gözlərimdən yaş gəlir,
İqtidarla müxalifət çaş gəlir,
Hərdən azıb bizim piketnən gedir.

Bəşər gələn əsrə motoskletnən gedir,
Bizimkilər motoskletnən gedir.

Möcüzədir, ac qalırıq, ölmürük,
Güldürürük heç özümüz gülmürük,
Köhnə nədir, tazə nədir bilmirik,
Tazə qurum, köhnə «sovetnən» gedir.

Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir.

Hərdən istəyirəm mən də tac qoyum,
Səndən acıq çıxım, səni ac qoyum,
Yan-yana məhləmdə beş qarac qoyum,
Rüşvəti «tem bolee» paketnən gedir,

Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir.

Gedib bağ-bağatım, gedib talvarım,
Gedib göy Xəzərim, gedib bulvarım,
Əgər getsə belə, düşər şalvarım,
Çünki kəmərlər dolu neftnən gedir,

Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir.

Tərk eləmə düz sözü, tərkib elə,
Düzdən alıb söz, düzü tərtib elə,
Kim-kimədir, söy, sora təkzib elə,
Dava-dalaş indi qəzetnən gedir.

Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir.

«Haydı» dedi, «haydı» vətən oğluna,
Ölüm-itim paydı vətən oğluna,
Gülləsini qıydı vətən oğluna,
İndi «Xiyaban»a buketnən gedir,

Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir.

Şillə-qapazdayıq çərxi-fələknən,
Jurnalistin vur başına kötəknən,
Müxalifət mitinqə şor-çörəknən,
Amma iqtidar kotletnən gedir,

Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir.

Qabağa verib, dalda pusarlar səni,
Dilinə görə bir gün asarlar səni,
Yürüşə salıb üç il basarlar səni,
Məhkəmələr milli maketnən gedir,

Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir.

Atam buralıdır, anam oralı,
Gəlinimiz də Mozambikin maralı,
Yüyür məndən üç yyüz metr aralı,
Divarımız yaşıl biretnən gedir.

Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir.

Qırx küpüvün qırxı da qulpu qırıq,
Ver, Baba Pünhan yamasın fısqırıq,
Hamısına qulp qoymağa çatdırmırıq,
Çünki «Qulp»un özü mopednən gedir,

Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir.

20 noyabr 1998. Bakı.

1 2 3 4 5 6 7 8 9

Geri Yuxarı İrəli

VƏTƏNDAŞ ŞAİR

Vətəndaş Şair

Bir Müqəddəs qonağın gəlməsin hiss etmədəyəm,
Əlli dörd ildi dözüb sirli qonaqçün yaşadım.
Pünhanın bağın alıb zorla keçirtdin adına,
Sən bu bağçün yaşadın mən Qarabağçün yaşadım.

...

Yoxdan gələni var elədim, mən nə dedim ki?!
Haqq əhlin ümüdvar elədim, mən nə dedim ki?!
Məzlumlara qan udduran alçaqları bir-bir,    
Söz udmağa vadar elədim, mən nə dedim ki?!

...

Məni udsun qara torpağ, Qarabağ getsə əgər,
Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.
Nə qədər qız-gəlinim düşdü əsir göz görəsi,
Yaz mənim qəbrimə alçaq, Qarabağ getsə əgər.

...

Bir səhər mən at belində göydə gördüm Hüccəti,
Endi göylərdən yerə sildim min illik həsrəti,
İnşəallah gün gələr Kubəmdə görrük Həzrəti
Bir həqiqətdir yazıb Pünhan demə xülyadı bu,
Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.

...

O, Cıdır düzüyçün çadır ağlayır,
Çadır övladıyçün Cıdır ağlayır,
Namus itkin düşüb abır ağlayır,
Köməksiz qız-gəlin dəstə-dəstədir.
Bakının dərdi var, Bakı xəstədir.

Baba Pünhan © 2005 Group A. Bütün hüquqlar qorunur.

Povered by TSW 1.0.3 & TusiSoft