Pünhanın söznən vurub tərpətdiyi insanların,
Sizbilən, vicdanları tərpəndi, ya tərpənmədi?!

ÜMUMİ BÖLMƏ

   ▪ Ana səhifə

   ▪ Layihə haqqında

   ▪ Baba Pünhan forumu

   ▪ Əlaqə

ƏSƏRLƏRİ

   ▪ Mən nə dedim ki?!

   ▪ Acı həqiqət

   ▪ Yalan çeyniyə-çeyniyə

   ▪ Tərcümələr

   ▪ Şairin səsi

BABA PÜNHAN

   ▪ Həyatı

   ▪ Foto-albom

   ▪ Xatirələr

 

Baba Pünhan. Acı həqiqət

Qubar yox qumbarasanmış «Mamlı-matan göstərərəm
Şillə-qapaza çıxmışam Kef elə, yorğana gir
Baxasan, ağlayasan Ölüm üstündə olub
Süftəformuş sən demə Xəlçə-palaz üstə gəlir
Formanı neynəyirsən? Yazan yazana söykənib
İnduslar arasında Sınacaq çanaq başında
Daş sizə qəmbər bizə Kəlmədə məna yükü var
Həccə zəvvar istərəm Barmağa dünya dolanıb
Dınqıl sazım Səndəndi, ya məndəndi bu?
Naləm şüar olsun gərək Bağlı binaya göndərib
Arpanı aş şəklində Fantan onun fantanıdır
Məni çırpar pola bu Ləçbaz

ŞERLƏRİ

Qubar yox qumbarasanmış

Səni mən ağ bilirdim, demə məndən də qərasanmış,
Qaralıq səndə ondandır ki, neftə mübtəlasanmış.

Sənə ümmid elirkən, cümlə qaçqınlar, didərginlər,
Demə humanitar yardım yeyən bir ayparəsənmiş,

Sən ey turkes hayesdən hasil olmuş qorxulu məxluq,
Ürəklər içrə xof salmış, qübar yox qumbarasənmış.

Qarışmışlar qarışmışdır qarışqa tək bu şəhrimdə,
Qatarda bomba partlatmış gədə oğlu gədasənmiş.

Səni əsgər gedəndə ey oğul, saldım yola sağlam,
Demə indi acından, mədədən atır yarasənmiş.

Səni xəlq etdi Pünhan, haqq-təalə haqqı yazmaqçün,
Yoxun haqqında hey yazsan, çətin ki, qurtarasənmiş.

2 dekağbr 1997, Bakı.

«Mamlı-matan göstərərəm

Sənə, ey dost, Bakıda hər cürə an göstərərəm,
Sənə, böhtanı, şəri xeyrə qatan göstərərəm.

Qızını çılpaq edib «Konkursa» göndərənin,
Özünü qonşu ilə vəslə çatan göstərərəm.

Kabinetlərdə çöküb pul qazanan caniləri,
Təmiz oğlanları illərlə yatan göstərərəm.

Kazinolarda, kafelərdə neçə qız-gəlini,
Özünü dollara, «şirvan»ə satan göstərərəm.

«Mehriban düşmən»imiz vardır, otuz min Bakıda,
Adı Nunne olanı, Naza, Natan göstərərəm.

Biz müsəlmanda donu evdə geyərlər, bunu bil,
Soyunub dərsə gedən «mamlı-matan» göstərərəm.

Xalqını oğru kimi hər küçə, minbaşı soyan,
Pula polkovnik olan, çox kapitan göstərərəm

İnşəallah Yerevanə ataram, partladaram,
Ona öz soy kökümü Atrapatan göstərərəm.

O Qiyamət günü Pünhangilə sən gəlsən əgər,
Günəşi Qərbdə çıxıb, Şərqdə batan göstərərəm.

20 noyabr 1997. Bakı.

Şillə-qapaza çıxmışam

Qışda evimdə qar yağıb, zülm ilə yaza çıxmışam,
Yazda başımda qar qalıb, qışla taraza çıxmışam.

Dərdin içində batmışam, ağı qaraya qatmışam,
Evdə nə vardı satmışam, köhnə palaza çıxmışam.

Saldı bu qəlbə bir qəlib, sıxdı bu qəlbi bu qəlib,
O annamazdan gəlib, bu annamaza çıxmışam.

Məşhədə eylədim səfər, fitnəmə çadra bir çəpər,
«Ər» mənə tandı pullu ər, ta ki, Araza çıxmışam.

Düşdü dalımca tinbətin, güddü dalımca tünbətün,
Çoxlar azaldı günbəgün, indi bir aza çıxmışam.

Qardaşı qatil eyləmə, qatilə mail eyləmə,
Səcdəmi batil eyləmə, tazə namaza çıxmışam.

Haqq sözümdə neştərim, şərdi, riyadı müştərim,
Qəlbdə dərd ləşkərim, meydana tazə çıxmışam.

Pünhanam, ibn İblisə ta ki, müxalifətdəyəm,
Qalib olunca mən ona, şillə-qapaza çıxmışam.

12 yanvar 1998. Bakı.

Kef elə, yorğana gir

Xabi-qəflətdən kənar ol, haqq olan meydana gir,
Mərd ol, meydangir ol, sən haqq ilə peymana gir.

Əsrlərdir qanına şeytan girib, allanmısan,
İndi gey haqqın libasın iblisə, şeytana gir.

Ey didərgindən, fəqirdən, buz çadırdan bixəbər,
Gündə bir canan ilə sən kef elə, yorğana gir.

Həndbolda biz uduzduq, kəndbolda fənd bol,   
İndi ta hər yan yanındır yanı tut hər yana gir.

Umma dövlətdən maaş sən bu əsrdə, ey həkim,
Bir xələt tikdirginən xurcunfason, imkana gir.

Milləti «rentgen» elə, gör «göylü» ya «şirvan»lıdı,
Göylülərdən çıxmasa bir şey əgər şirvana gir.

Ta qədimlərdən ki, zindandan gəlib haqqın səsi,
Məsləhətdir haqq gəlincə, ey Baba, pünhana gir.

19 noyabr 1997. Bakı.

Baxasan, ağlayasan

Bu elin halına hər gün baxasan, ağlayasan,
Bu ilin qalına hər gün baxasan, ağlayasan.

Açılıb sinədə gül qardaşının gülləsinə,
Bu gülün alına hər gün baxasan, ağlayasan.

Güləsən, güldürəsən, şairi-pünhan olasan,
Bu telin çalına hər gün baxasan, ağlayasan.

Gözümün yaşı ilə çıxdı canım, sal tək üzər,
Bu selin salına hər gün baxasan, ağlayasan.

İrəvan xalını vurdu Bakıda «zil qara»ya,
Bu zilin xalına hər gün baxasan, ağlayasan.

Cocuğun üst-başına, pir olanın göz yaşına,
Bu şilin lalına hər gün baxasan, ağlayasan.

Qələmi zəhr tökən, kəlmələri zəhlə tökən,
Bu dilin balına hər gün baxasan, ağlayasan.

Özün alim olasan, xortuma quyruq deyəsən,
Bu filin dalına hər gün baxasan, ağlayasan.

O gün olsun ki, Baba, xalqın əlindən tutasan,
Bu əlin falına hər gün baxasan, ağlayasan.

2 dekabr 1998. Bakı.

Ölüm üstündə olub

Hər zaman dildə fəqir el əlim üstündə olub.
Leyk əslində dəmir əl elim üstündə olub.

Bu ana torpağa illərlə nahaq qan tökülüb,
Qalmayıb izləri çünki selim üstündə olub.

Keçdi min dörd yüz ilim çatdı qiyamət gününə,
Həqqdən sorğu-suala son ilim üstündə olub.

Təxtü-tac ac yalavaclarə zülmünə yaranıb,
O səbəbdən də süqumu zülüm üstündə olub.

Mollanın yorğanı üstündə düşən dava kimi,
Bu qədər dava-dalaş da gölüm üstündə olub.

Kimə ki, əl uzadıb, rəhm qılıb, tutmuşam əl,
O bir azdan sora mütləq belim üstündə olub.

Pünhanam həqq yolunda məni qorxutmaz ölüm,
Çünki mənalı ömürlər ölüm üstündə olub.

6 iyun 1998. Bakı.

Süftəformuş sən demə

Ölkəmin çox məmuru rüşvətdə zormuş, sən demə,
Bir yerə yığsan böyük rüşvətli xormuş sən demə.

Abşeron əhlin nədənsə çoxları həzm eyləmir,
Çox gödənballar üçün tərkibi şormuş sən demə.

Seçkilərdə öylə zənn etdim tutulmuşdur Günəş,
Çox böyük səhv etmişəm el hamı kormuş, sən demə.

Uymuşuq illərlə bu dəryada neft sövdasına,
Tutmayan sövdaların mənası tormuş sən demə.

«Vor zakon»lar məmurun mülkün, bağın gizlin soyur,
Amma ki, məmur özü aşkarə «vor»muş sən demə.

Pul üçün gah üz qızardan, gah bozardan hər QAİ.
Süftəsiz iş görməyən bir «Süftəfor»muş sən demə.

İblisə dəstək verib, biz haqqı basdırdıq yerə,
Ağla ey Pünhan, diyarın haqqa gormuş sən demə.

26 iyul 1999.Bakı.

Xəlçə-palaz üstə gəlir

Yetişir dövrü-zühur, haqq taraz üstə gəlir,
Azı çoxdan tələsir, çoxları naz üstə gəlir.

Bilməyir yerdədi Sahib, nahaqı haqqı görür,
Düşünür guya uçan xəlçə-palaz üstə gəlir.

Talayıb yurdunu, öz xalqını pis gündə qoyub,
Canına qorxu düşüb, indi namaz üstə gəlir.

Polisin caynağına keçmə pulun yoxsa əgər,
Səni eşşəkcə döyər - şillə qapaz üstə gəlir.

Neçə insanı güdaz eylədi öz mənsəbinə,
Yetişib növbə özü indi güdaz üstə gəlir.

Səsimə səs verənin xoş səsi bülbül səsidir,
Səsinə səs verənin cır səsi qaz üstə gəlir.

Pünhanam haqq sözümü xəlqə nəzir paylayaram,
O səbəbdən mənə pay nəzr-niyaz üstə gəlir.

10 aprel 1997. Bakı.

Formanı neynəyirsən?

Dərdi verən dərmanı neynəyirsən?
Mərdi qovan fərmanı neynəyirsən?

Qan bir olan düşmənimiz var ikən,
Qansız olan düşmanı neynəyirsən?

Başda çəkic, boynun oraq içrədir,
Əldəki bu qalxanı neynəyirsən?

Topxanadan «top»lar atan meydana,
Top kimidir toplanı neynəyirsən?

Can verə bilmirsən əgər xalqına,
Əzrayıla ver canı neynəyirsən?

Qardaşı qalxırsa əlin vurmağa,
Get kəfən al formanı neynəyirsən?

Bir belə qurban gedənin var əgər,
Xərcə düşüb heyvanı neynəyirsən?

Dövlətə lazımsa qolu zorlular,
Qolsuz olan oğlanı neynəyirsən?

İqtidarın oynadığı yallıda,
Varsan əgər meydanı neynəyirsən?

Hər nə yazırsansa çıxır aşkara,
Ay Baba, bəs Pünhanı neynəyirsən?

7 oktyabr 1999. Bakı.

Yazan yazana söykənib

Fəqir bağında yel əsib, xəzan xəzana söykənib,
Vəkil bağında aş bişib, qazan qazana söykənib.

Gülüm solub güman ölüb, yaman qalıb yanan ölüb,
İçimdə bir cahan ölüb, azan azana söykənib.

Sazım təzə, sözüm təzə, düzün sözü girib gözə,
Deyəndə Yadigar məzə, ozan ozana söykənib.

Sən ey Firona mədh yazan gələndə Sahib öl, uzan,
Görərsən onda qorxudan pozan pozana söykənib.

Cibində gəzdirib Quran, cibiyçin amma qan soran,
Kiloda yüz qram vuran mizan mizana söykənib.

Baba, bir az da yazma sus, yazır müsəlman həm urus,
Qələm ucuz, varaq ucuz, yazan yazana söykənib.

10 may 1997. Bakı.

İnduslar arasında

İllərlə ömür sürdük, kabuslar arasında,
Gah erməni icması, gah ruslar arasında.

Dost aşnaya tor hördük, düşmənləri dost gördük,
Hər sirri açıb tökdük, dəyyuslar arasında.

Küfr ölkəsi din-dirdir, zinaları çin-çindir,
Təqsirsizi min-mindir məhbuslar arasında.

Bizlərdə geyim şərtdir, bu şərt ilə bizlərdə,
Çöl eşşəyi bosmandır, matroslar arasında.

Kimya tozu pak etməz, namus ləkəsin əfsus,
Çoxdur ləkəli namus, namuslar arasında.

Vaciblisi sərvətdir, sərvət də ki, rüşvətdir,
Rüşvət də ki, dəhşətdir viruslar arasında.

Dəryada bir inci biz, torpaq girinci biz,
Lüttükdə birinci biz, induslar arasında.

Çox günlərimiz fani, xoş günlərimiz ani,
Axtar Baba Pünhanı məyuslar arasında.

10 dekabr 1997. Bakı.

Sınacaq çanaq başında

Yenə dərd içində Pünhan oturub varaq başında,
Döşəyir acı həqiqət sınacaq çanaq başında.

Bu zavallı, dərdli xəlqin, kədəri, qəmi, əzabı,
Yığılıb gəlib bu axşam, doludur qonaq başında.

O Qarabağın maralı bulaq üstdə can verəndə,
Bulağın gözü tutuldu, o gecə, o dağ başında.

Kəsilib cavan yaşından, yekə bir bulaq başından,
Hələ on əsr də keçsə, qalacaq qulaq başında.

Başaçıq Qarabağımçün təzə «şapka»lar tikirlər,
Dedilər gələn əsrdə olacaq papaq başında.

Öz «Ocaq» kitabı ilə, Zamanın cavabı ilə,
Yanacaq cəhənnəm içrə, Balayan ocaq başında.

Yenə «Qulp»a çıxdı Pünhan, döşəsin acı həqiqət,
Vurasan ona dubinka, qoyasan yamaq başında.

20 mart 1999. Bakı.

Daş sizə qəmbər bizə

Qarğıyıb zalım fələk istər sizə, istər bizə,
Çox dəyib mitinq zamanı daş sizə, qəmbər bizə.

Biz nahaq dünyaya sərgərdan müxaliflərdənik,
Biz əminik bir zamanlar Haqq olar rəhbər bizə.

Cibdə pul varkən ərik, yoxdursa bilməm kimlərik,
Arvada təhkimlərik, ta arvad olmuş ər bizə.

Kukla tərpənməz yerindən, çəkməsə artist ipin,
Çox oyunlar göstəriblər milli artistlər bizə.

Biz sənin hər bir üzündən hali olduqdan sora,
Üzdəkindən üzdük əl, aç əslini göstər bizə.

Yaydılar ki, əmr var: əsgər gərək bozbaş yesin,
Nimçədə üç-dörd noxud göstərdi bir əsgər bizə.

Bir neçə pir əyləşib bir namə yazdı vəklinə,
«Zəhrimar nuş eyləsin də artığın göndər bizə».

Yerbəyer etməkdədir Sübhan əməl dəftərlərin,
İqtidar «iş vurmasa» sağdan gələr dəftər bizə.

Pünhanam, haqq yollarında illərin zəvvarıyam,
Ta ki, haqqam qoymaram Sultan ola Səncər bizə.

10 iyun 1999. Bakı.

Kəlmədə məna yükü var

Necə dönsün fələyin çərxi ki, dünya yükü var,
Necə sönsün bu yanan şəm ki, sevda yükü var.

Necə qan ağlamasın göydə bu gün qarə bulud,
Xəzərim üstə əgər bir qara sevda yükü var.

Dedim, ey yad, mənim tutma bu ağ balığımı,
Dedi yazıq üzə bilmir qara «ikra» yükü var.

Nə qədər qız gəlinim qalmış əsir ermənidə,
Papaq altındakının rəsmdü rüsva yükü var.

Demə «Azadlığımız» təmirə möhtac imiş,
Demə boynunda merin saxta bir icra yükü var.

Xəzərin sahilini böylə ki, zəbt eyləmisən,
Ora bir gün dəyəcək şillədə dərya yükü var.

Otuz il kafirə Sənan da çobanlıq elədi,
Nə biləydi bu işin həşrdə tərsa yükü var.

Babanın sözlərini haqq mizanıyla çəkin,
Ona haqdan gələn hər kəlmədə məna yükü var.

3 sentyabr 1998. Bakı.

Həccə zəvvar istərəm

Varlığımdan bezmişəm, bir olmayan var istərəm,
Yoxluğumdan gərçi bezsəm, həqqdən dar istərəm.

İxtiyarımdan çıxıb, şəhrim ilə bəhrim mənim,
İqtidarımdan çörək yox, qışda mən qar istərəm.

Bit basıb bittənmişəm, alt üst olub lüttənmişəm,
Seçkilərdə  heç nə yox, əynimdə şalvar istərəm.

Məşdibadın hambalı məndən təmizdir fərqdə,
Mən də sən tək, ey vəkil, hər gün «suxoy par» istərəm.

Geymişik bizdən yuxarı abrımız əldən gedib,
Dartılan üzdən aşağı pərdeyi-ar istərəm.

Sürtülən çox üzlərin astarı çıxmışdır üzə,
Üzdəki astarlara bir üzlü astar istərəm.

Az.TB-dən mən orucluqda «toyuq» reklamı yox,
Haqq olan sözdən «obaşdan» ilə iftar istərəm.

Allahından bixəbərlər xalqa qanun yazmasın,
İnsana qanun yazan insanı dindar istərəm.

Haqq verən söz sərvətin haqqın yolunda payladım,
İndi də Pünhanı ondan həccə zəvvar istərəm.

3 iyun 1998. Bakı.

Barmağa dünya dolanıb

Dəyişib dövri-zaman, dövrə müəmma dolanıb,
Pisə mənsəb verilibdir, düzə «əmma» dolanıb.

Daha divanə deyil Qeys, Super-Market açıb,
Elə ki, pullu olub, boynuna Leyla dolanıb.

Demə Kənanı basıb zindana sərbəst dolana,
İlişib əcnəbiyə Misri Züleyxa dolanıb.

Yerə haqq endi fəqət yerdə ona olmadı yer,
Yeri böhtan tutanı haqq elə damda dolanıb.

Kimisi cibdə pulu şəhrdə şəst ilə gəlib,
Kimi gizlində tökübdür cibə qorğa dolanıb.

Dönüb ekranda vətən xaini gah qəhrəmana,
Vurulub gah da onun üstünə damğa dolanıb.

Polisə indi veriblər İliçin şalbanının,
Şəhəri kəndi bilib şəhrdə darğa dolanıb.

Dost deyib tülküyə dost olduq, unutduq onu ki,
Həmişə tülkü tərəfdən ala qarğa dolanıb.

Babanın barmağı tutduqca qələm haqqı yazar,
Yazar o haqqı ki, bir barmağa dünya dolanıb.

1 yanvar 1998. Bakı.

Dınqıl sazım

Aşiqəm, yoxdur sazım – dınqıl sazım, dınqıl sazım,
Bülbüləm solmuş yazım – dınqıl sazım, dınqıl sazım.

Çatdı axır mətləbə, yüksəldi üç-dörd mərtəbə,
Yaltağım, arvadbazım – dınqıl sazım, dınqıl sazım.

Qışda dondum şaxtadan, qaz yox, işıq yox, isti yox,
Gəlmədi bir gün qazım – dınqıl sazım, dınqıl sazım.

Olmayıb ki, çox ola rəbbim verən azdan çoxum,
Çox olub azdan azım  – dınqıl sazım, dınqıl sazım.

Qaz kimi bir «çil-çil»im, dar gündə ümmidim idi,
Uçdu bu «çil-çil» qazım-dınqıl sazım, dınqıl sazım.

Ac uyubdur tox kimi, kef çəkməli ruzgara bax,
Ustadır sehribazın – dınqıl sazım, dınqıl sazım.

Düz danışmaqdan dəyir, hər gün qapazlar başıma,
Get-getə artır dağım-dınqıl sazım, dınqıl sazım.

Qış günü qoymaz papaq bir kimsə bu daz başıma,
Dalbadaldır qappazım – dınqıl sazım, dınqıl sazım.

Siz gülürkən yazdığım, hər beytə, hər bir kəlməyə,
Pünhanam, ağlar yazım – dınqıl sazım, dınqıl sazım.

10 mart 1997. Bakı.

Səndəndi, ya məndəndi bu?

Sürtülüb üzlər yaman, səndəndi, ya məndəndi bu?
Görsənir çox yerdə qan, səndəndi, ya məndəndi bu?

Bəndənin seçdiklərindən bəndə olmuş bəndü bənd,
Ya o yandır, ya bu yan, səndəndi, ya məndəndi bu?

İt hürüb karvan keçərdi bir zaman saymazyana,
Ötmür itsiz karivan səndəndi, ya məndəndi bu?

Yan olan xan kəndinə, xan olmadı yan kəndinə,
Oldu bu kəndimdə xan, səndəndi, ya məndəndi bu?

Doymadım insan cahandan, cah-cəlaldan, gəldi an,
Doydu insandan cahan, səndəndi, ya məndəndi bu?

Göy sənin olsun dedin, yerlər də amma ki, mənim,
Həm samanlıq, həm saman səndəndi, ya məndəndi bu?

Allah üçün bəndələr birdir, səninçün leyk yox,
Sən amansız mən aman, səndəndi, ya məndəndi bu?

Sən çağırdın İblisi, Pünhan Zamanın Sahibin,
Gəlsə Sahib əz Zaman səndəndi, ya məndəndi bu?

23 sentyabr, 1999. Bakı.

Naləm şüar olsun gərək

Hər adam öz-özlüyündə iqtidar olsun gərək,
Nəfsinə daim müxalif, haqqa yar olsun gərək.

Döndəriblər ölkəni çayxanalar meydanına,
Böylə bir meydanda boş laqqırtılar olsun gərək.

Var «Qərar»ın ya ki yox, heç dəxli yoxdur mətləbə,
Hər kəsin qəlbində vicdandan qərar olsun gərək.

Parka girdin ya əlində armudu iskanda çay,
Ya ki, bilyard taxtasında «kiy»lə şar olsun gərək.

Kor əsasın söykəyər, məscid hələ var olmamış,
Bizdə bir gül əksələr, ətrafı xar olsun gərək.

Pul keçirdib bankə bir alman, gözəl bar açdırıb,
Sındırıblar ki, faşistlər tarimar olsun gərək.

Bir muzey bağında sürgündür bu gün üç dahimiz,
Dahilər fəvvarələr bağında var olsun gərək.

Güllələnmiş heykələ baxsın amerkan, ingilis,
Erməni soy vandalizmi aşkar olsun gərək.

Natəvan, Bülbül, Üzeyyur burda dursun yan-yana,
Hər nəsildən nəslə heykəl yadigar olsun gərək.

Natəvan yurdun satıb, büstün də atdıq otluğa,
Biz kimi bir millətin boynunda dar olsun gərək.

Ağla, həm gül Xan qızı, gül millətin əhvalına,
Ağla bərkdən, gül yavaşdan, bizdə ar olsun gərək.

Ölkəmiz «dəstəkli» bir barmaqdır, amma qulpu yox,
«Qulp» əgər qulp qoymasa, yer-göy bazar olsun gərək.

Nalədəndir ney kimi, Pünhan, kəsildim bəndü bənd,
Nalə tərkin qılmazam, naləm şüar olsun gərək!

20 may 1999. Bakı.

Bağlı binaya göndərib

Həşr gəlincə Pünhanı, rəbb haraya göndərib,
İsmini gizli saxlayıb, beytini «ayə» göndərib.

Gördü bu dolların dadın, sildi özündən ər adın,
Parə dalınca arvadın, kim ki Dubaya göndərib.

Şurəvini hidayətə Məşhədə, Quma cəlb edib,
Əhli-İranı işrətə, amma bu taya göndərib.

Aldı bu neftçinin canın, kəsdi maaşda şirvanın,
Puşkinə neft fantanın Baxçasaraya göndərib.

Başı burumdu görmürəm, hansı qurumdu görmürəm,
Gözləri tumdu görmürəm, çünki Kitaya göndərib.

Ordadı yurdu burdadır, burdadı qurdu ordadır,
Bilmədi yurdu hardadır, hardan haraya göndərib.

Çox başa salma qanmazı, qəlbi qaranı pulbazı,
Bilmədi tanrı hammızı, dəhrə kirayə göndərib.

Haqqı nahaqla dindirib, haqqı ayağa endirib,
Mərdi gədaya döndərib, bağlı binaya göndərib.

Pünhan, ağam kəfən kimi, kəfəndəyəm vətən kimi,
Hazır ölü görən kimi, ağı qaraya göndərib.

22 oktyabr 1997. Bakı.

Arpanı aş şəklində

Soxuruq burnumuzu hər yerə baş şəklində,
Bu səbəbdən qalırıq axırı çaş şəklində.

Dənizə-neftə qalıbdır ümidimiz ancaq,
Su ilə bağlı olan işdə ki, yaş şəklində.

Bu son illərdə çox uğurludur siyasətimiz,
Yeyirik ləzzət ilə arpanı aş şəklində.

Vəziyyət olsa «uruscan» düşəcəkdir yəqin,
Bizim olan Qarabaq tarixə «naş» şəklində.

Nə yaxşı ki, böyüyüm İngilis, amerkandır,
Mənə eşşək deyir, amma ki, yavaş şəklində.

Bərabərik dinimizdə iki hökumət ilə,
Bərabərik birisi ilə savaş şəklində.

Nə ər-arvad bilinir, həm nə bacıynan qardaş,
Balaş Sevil kimi, Sevil də Balaş şəklində.

Nə əməldən çıxırıq göydə Xuda qeyd eləyir,
Qayıdıb başımıza kopyası daş şəklində.

O zaman ki, Babanın qiyamətini haqq verər,
Tökülər başına pullar da şabaş şəklində.

2 noyabr 1999. Bakı.

Fantan onun fantanıdır

Malu dövlət kimdədir, dövran onun dövranıdır,
«Əmr onun əmridürür, fərman onun fərmanıdır».

Mini şalbandır dubinka dövri-İlyiçdən qalıb,
Başdan əskik olmayan şalban onun şalbanıdır.

Çox dedim ki, neftçi qardaş, qazma özgəyçün quyu,
Sənsə qazdın, çıxdı neft, fantan onun fantanıdır.

Əcnəbilərçün dərin dəryadı yandırdın çıraq,
Bilmədin dərya sənin, mərcan onun mərcanıdır.

Bir zaman meydana biz meydan sulardıq gəlsin o,
İndi beş şirvan bizim, meydan onun meydanıdır.

Qaçqına yardım adıynan çox xeyir gəlmiş mənə,
İl boyu satdırdığım dərman onun dərmanıdır.

Pünhanam şahid zaman, Sahib-Zamanın əsgəri,
Sirr Rəbbin sirridir, pünhan onun pünhanıdır.

16 noyabr 1999. Bakı.

Məni çırpar pola bu

Ola bir yaxşı «kreslo» ola sərvət, ola bu,
Yapışıb valla dilimdən məni çırpar pola bu.

Fələyi kor bilib hey darmaladı, bilmədi heç,
Neçə fironu salıb dəhridə lümlüt yola bu.

Paqon altında gəzən Rüstəmi-Zaldan uzaq ol,
Gicişəndə əli, dartar səni «sport-zal»a bu.

Bələdiyyə təzə bir xalq havasıynan gələcək,
Deyirəm keşkə bizim zurnamız ilə çala bu.

Dedim agah elə bu seçki üsuluyla məni,
Dedi almaqda zirəkdirsə, gərəkdir qala bu.

Qarabağın saatı Moskva vaxtıyla gedir,
O Kremlin saatından qala bilməz dala bu.

Dedi məsciddən əzəl millətə məktəbdi gərək,
Ki, onun rüşvəti ilə gələ hər gün hala bu.

Fələyin çərxinə İblis deyəsən mıx batırıb,
Rulu düz saxlaya bilmir, hələ dartır sola bu.

Yox olan varlığa Pünhan tapınıb vara çatıb,
Var olan yoxluq ilə gözləyir aləm dola bu.

22 sentyabr 1999. Bakı.

Ləçbaz

Gəlsə, ey dostum, gələr məndən bəla ləçbazlığa,
Olmuşam zəvvari – Kəbə Kərbəla ləçbazlığa.

Ya ayağın altda qızdırram çala yüksək olum,
Ya başın üstündə tikdirrəm qala ləçbazlığa.

Əl tutub məzlumə bildirrəm ki, bilsin mən kiməm,
Partlaram qalsam əlidən mən dala ləçbazlığa.

Çoxları həddin aşıb, ya səhf salıbdır ya çaşıb,
Əl tutan mən, Allaha eylər dua ləçbazlığa.

Xəstə ikən öz balam, biganə baxdım dərdinə,
Eylədim biganəyə mir-bir dəva ləçbazlığa.

Ey İmam Sahib-Zamanı iblis ilə çaş salan,
İblisi etməz cida səndən Xuda ləçbazlığa.

Çox-çox Allahsızların çox işləri «yağtək» gedər,
Yağdırar Pərvərdigar göydən para ləçbazlığa.

Sinqapurdan qız alıb qonşum ki, yandırsın məni,
Mən də oldum tez bir indusnan quda ləçbazlığa.

Ev-filan bir yanə, bir xudmani gur tikdirmişəm,
Çəkmişəm mən qarə gurə ağ mala ləçbazlığa.

Pünhanın söz gülləsi tutmuş havanı sərbəsər,
Can verir zalım, fəqət udmur hava ləçbazlığa.

2 yanvar 1999. Bakı.

1 2 3 4 5 6 7 8 9

Geri Yuxarı İrəli

VƏTƏNDAŞ ŞAİR

Vətəndaş Şair

Bir Müqəddəs qonağın gəlməsin hiss etmədəyəm,
Əlli dörd ildi dözüb sirli qonaqçün yaşadım.
Pünhanın bağın alıb zorla keçirtdin adına,
Sən bu bağçün yaşadın mən Qarabağçün yaşadım.

...

Yoxdan gələni var elədim, mən nə dedim ki?!
Haqq əhlin ümüdvar elədim, mən nə dedim ki?!
Məzlumlara qan udduran alçaqları bir-bir,    
Söz udmağa vadar elədim, mən nə dedim ki?!

...

Məni udsun qara torpağ, Qarabağ getsə əgər,
Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.
Nə qədər qız-gəlinim düşdü əsir göz görəsi,
Yaz mənim qəbrimə alçaq, Qarabağ getsə əgər.

...

Bir səhər mən at belində göydə gördüm Hüccəti,
Endi göylərdən yerə sildim min illik həsrəti,
İnşəallah gün gələr Kubəmdə görrük Həzrəti
Bir həqiqətdir yazıb Pünhan demə xülyadı bu,
Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.

...

O, Cıdır düzüyçün çadır ağlayır,
Çadır övladıyçün Cıdır ağlayır,
Namus itkin düşüb abır ağlayır,
Köməksiz qız-gəlin dəstə-dəstədir.
Bakının dərdi var, Bakı xəstədir.

Baba Pünhan © 2005 Group A. Bütün hüquqlar qorunur.

Povered by TSW 1.0.3 & TusiSoft